• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində tarzən,Xalq artisti Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib.

      Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində  Xalq artisti,tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib.

     Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi,Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Fikrət Verdiyevin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki,tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.Fikrət Verdiyev 1947-ci ildə Gəncə şəhərində anadan olub.1962-ci ildə Qənbər Hüseyinli adına Gəncə Orta İxtisas Musiqi Məktəbinin tar sinifinə daxil olub.1967-ci ildə Ü.Hacıbəyov adına Konservatoriyanın tar-dirijor fakultəsinə daxil olub və bəstəkar Adil Gərayin sinifində muğamın sirlərinə yiyələnib.Təhsilini başa vurduqdan sonra doğma Gəncəyə qayıdıb “Göy-göl” ansamblını yaradaraq 50 ildən artıq müddət ərzində həmin ansambla rəhbərlik edib.

    İlk olaraq Fikrət Verdiyev tarda Hacı Xanməmmədovun 2-ci konsertinin 2-ci və 3-cü hissəsini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə ifa  etdi.Orkestrin bədii rəhbəri və baş dirijoru Respublikanın Xalq artisti Teymur Göyçayevdir.

    Gecədə musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib.Fikrət Verdiyevin həyat və yaradıcılığına aid video-çarx nümayiş olunub.Milli Məclisin deputatı,yazıçı Aqil Abbas,Xalq artisti,tarzən Ramiz Quliyev yubilyar haqqında ürək sözlərini tamaşaçılara çatdırdılar.

   Tədbirdə Xalq artisti Nəzakət Teymurova,Əməkdar artistlər Sevinc Sarıyeva, Almaz Orucova,İlkin Əhmədov,Tünzalə Ağayeva,Babək Niftəliyev,Əməkdar mədəniyyət işçisi aşıq Əhliman,Naxçıvan MR-in Əməkdar artisti Ehtiram Hüseynov,mügənnilər Eldəniz Məmmədov,Kamilə Nəbiyeva yubilyarı öz musiqi ifaları ilə təbrik ediblər.

   Sonda Fikrət Verdiyev mədəniyyət sahəsinə,xüsusən muğam sənətinin inkişafına göstərdikləri diqqət və qayğiya görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

    Tədbir alqışlarla sona yetib.

19.11.2017