• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Bizi birləşdirən mədəniyyət” layihəsinin qonaqları Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov, “Xan Şuşinski Fondu”nun rəhbəri Bəyimxanım Verdiyeva - Cavanşirova və xanəndə Kamilə Nəbiyeva olub.

Trend-in məlumatına görə, verilişdə ölməz sənətkar Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva – Cavanşirova ilk olaraq dahi ustadları yad etdiyinə görə Mədəniyyət kanalı və BMM-nə təşəkkürünü ifadə edib. Atası ilə bağlı unudulmaz, əziz xatirələrini bölüşüb. Vurğulayıb ki, evimizdə hər zaman musiqi səsi sədalanıb, görkəmli xanəndələr və musiqiçilər daim evlərinin qonağı olublar. Hər yay Şuşaya səfər etdiklərini və həmin bəxtəvər günlərin xatirələrini də dilə gətirib.

Xalq artisti Ramiz Quliyev verilişin xüsusiyyətini vurğulayıb. Insanların mənəvi ruhuna xidmət edən verilişin Xan Şuşinskiyə həsr edilməsini alqışlayıb. Ramiz Quliyev Xan Şuşinski ilə 1964-cü ildə Filarmoniyaya ilk gəlişi zamanı tanışlığını xatırlayıb. Görkəmli xanəndə ilə bağlı xatirələrini bölüşüb.

Xalq artisti Mənsum İbrahimov Xan Şuşinski yaradıcılığının xüsusiyyətlərindən söz açıb. Onu muğam sənətimizin simvolu kimi xarakterizə edərək vurğulayıb ki, İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. O, xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edib. Xan Şuşinskinin öz mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.

 

Xanəndənin övladı bildirib ki, musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Həmçinin atasının bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının tarixçəsi ilə bağlı məlumatları diqqətə çatdırıb. Ustad xanəndənin adını daşıyan fondun fəaliyyəti barədə danışıb. Canlı efirdə muğamlarımız səslənib. Xanəndələri Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov müşayiət edib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

11.06.2020