• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Xocalı - bu olub” tamaşası nümayiş olunub
Fevralın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və  Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan “Xocalı - bu olub” tamaşası nümayiş olunub.
Azərbaycan Dövlət Pantomima Teatrının hazırladığı tamaşanın nümayişindən əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən, xalqımıza qarşı törədilən amansız cinayətlərdən söz açıb, bu cinayətlərin cəzasız qalmayacağına, Xocalıda soyqırımı törədənlərin ədalət mühakiməsi və uca tanrı qarşısında cavab verəcəklərinə əminliyini ifadə edib. Qeyd olunub ki, müstəqil və güclü Azərbaycan dövləti işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və bunu mütləq edəcəkdir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə mövcud status-kvonu dəyişməz olaraq saxlamağın mümkünsüzlüyü barədə bir daha bəyanat verib.
Azərbaycan həqiqətlərinin incəsənətin bəşəri dili ilə bütün dünyaya çatdırılmasının vacibliyinə toxunulub. Dövlət Pantomima Teatrının bu sahədəki yaradıcılıq təşəbbüsü yüksək qiymətləndirilib.
Teatrın istedadlı kollektivi Xocalıda 1992-ci il fevralın 26-da erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımı barədə həqiqətləri incəsənətin qədim növlərindən olan sözsüz teatr oyunu – pantomima estetikası ilə təqdim edib.
Məcburi köçkün icmalarının nümayəndələri Xocalıya həsr edilən bu tamaşada aktyorların məharətli oyununu dərin kədər hissi ilə izləyiblər. 
Qeyd edək ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev canlandırıb.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq ötən ilin fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlanıb.

25.02.2020