• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin yeni “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” layihəsinin ilk konserti   Xalq artisti Rasim Abdullayevin yaradıcılığına həsr olunub

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” adlı konsert proqramı çərçivəsində violonçel məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, professor  Rasim Abdullayevin yaradıcılıq gecəsi keçirilib.
Konsert Xalq artisti Rasim Abdullayev, sənətkarın qızı  Ülviyyə Abdullayeva nəvəsi  Anastasiya Mişulanın eləcə də ifaçılar  Aliksey Miltıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov və Erol Rzayev  rəngarəng maraqlı ifaları ilə yadda qaldı. Rasim Abdullayevin tələbələri və gənc ifaçıların təqdimatında A.Piazzola, N.Paqanini, Q.Qarayev, İ.Albeniz, Y.Haydn əsərlərinə özünəməxsus yanaşma tamaşaçılar tərəindən alqışlarla qarşılanıb. Hər bir nömrə  forma və janr baxımından dinləyicilərə bir növ kiçik töhfələr bəxş etmiş olurdu.
XX əsrin ən dahi violonçele ifaçılarından biri sayılan  həmyerlimiz Mstislav Rostropoviç və Rasim Abdullayevin yaradıcılıq əlaqələri Azərbaycan violonçel məktəbində məxsusi yer tutur. Ömrünü violonçeldə ifa sənətinə həsr etmiş Rasim Abdullayev musiqi ifaçılığı sahəsində yüksək ifa ustalığına nail olmuş və əvəzsiz sənətkar kimi ad qazanmışdır. Onun violonçeldə həm solo, həm də orkestrlə müşayiət olunan ifaları musiqisevərlərin xatirələrində dərin izlər qoyaraq və hər konsertdən sonra həm geniş tamaşaçı auditoriyasında, həm də artıq bir çox mükəmməl ifalarla tanış olan dinləyicilərdə ifaçının mənalı ifa tərzi, geniş texniki imkanları həmişə böyük təəssürat yaratmağa nail olub. Xalq artistinin yarsdıcılığına həsr olunan bu proqram da növbəti belə bir unudulmaz musiqi hadisəsinə çevrilə bildi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi musiqinin təbliği baxımından bir çox layihələr həyata keçirir. Bu layihələr sırasında bir neçə janrlara həsr olunmuş muğam, aşıq sənəti, etnik, caz ilə bərabər  "Klassik musiqi axşamları" , klassik sənətimizin görkəmli nümayəndələrinin yubiley və yaradıcılıqlarına həsr olunmuş layihələri misal çəkmək olar. Klasssik musiqi layihələri  çərçivəsində bəstəkarlıq və klassik ifaçılıq məktəbimizin tarixi səhifələri vərəqlənərək gələcək nəslə təbliğ edilir.