• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan - Rusiya diskussiya platforması keçirildi
Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçirildi. Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə reallaşdı.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbiri açaraq bildirdi ki, Rusiya ilə Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində səmərəli əməkdaşlıq inkişaf edir: “Bu əməkdaşlıq əlaqələrinin əsasını 6 iyun 1995-ci ildə iki ölkə arasında imzalanan mədəniyyət və elmi sahələrində əməkdaşlığa dair saziş təşkil edir. Bundan əlavə, 2 dekabr 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün “Mədəni əməkdaşlıq proqramı” imzalanıb.
Prezidenti İlham Əliyev oktyabrın 2-3-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdiyini deyən Sevda Məmmədəliyeva bildirdi ki, ölkəmizin başçısının beynəlxalq münasibətlərin aktual problemlərinin müzakirə olunduğu bu sessiya da dərin məzmunlu çıxışı geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Nazir müavini diqqətə çatdırdı ki, Qafqaz ta qədimdən dünyanın çoxmillətli bölgələrindən biri olub. Azərbaycanda müxtəlif azsaylı xalqların nümayəndələri yaşayır. Bu etnik qruplar Azərbaycan xalqı ilə mehriban şəraitdə yaşayırlar. Bu xalqlar doğma dillərindən istifadə edir, maddi və mənəvi mədəniyyətlərini, dinlərini və adət-ənənələrini qoruyur, milli-mədəni cəmiyyətlər, dərnəklər yaradaraq ölkəmizin həyatında fəal iştirak edirlər. Bu tolerantlıq nümunəsi tarixən digər xalqların və dinlərin mədəni-mənəvi dəyərlərinə hörmət edən, sülh və mehriban qonşuluq arzusunda olan azərbaycanlıların həyat tərzinin əsas hissəsini təşkil edir. 2006-cı ildən bəri hər 2 ildən bir Bakıda azsaylı xalqların mədəni irsinin təbliği məqsədilə festivallar təşkil olunur.
Nazir müavini çıxışının sonunda "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" tədbirinin multikultural dəyərlərin təbliğinə öz töhfəsini verəcəyini qeyd etdi.
Daha sonra Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakin Rusiya Federasiyası Mədəniyyət Nazirinin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. Müzakirələr müşavirin moderatorluğu ilə davam etdi. Diskussiyalarda Rusiyanın Milliyyət İşləri üzrə Federal Agentlik İdarəsinin rəisi A.O.Bulatov, Komi Respublikasının Mədəniyyət, Turizm və Arxiv İşləri naziri S.V.Yemelyanov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova, Dağıstan Respublikasının Xalq Yaradıcılıq Evinin direktoru M.V.Muqatova, Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini N.M.Lapşına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usupəliyev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış etdilər.
Çıxışlarda vurğulandı ki, milli mədəniyyətdə ənənəvi, xalq-etnoqrafik amilləri böyük əhəmiyyət kəsb edir. Ənənəvi mədəniyyətdən danışarkən özümüzdən uzaqlaşa bilmədiyimiz kimi, “tarixi yaddaş” anlayışını da diqqətdən kənarda saxlaya bilmərik. Bu geniş konsepsiyaya müxtəlif ənənələr, milli xüsusiyyətlər, mənəvi nizam, mərasimlər, bayramlar, geyimlər, sənətkarlıq növləri daxildir. Xalqlar arasında bu kontekstdə körpü yaratmalı, tolerantlığı qorumaqla sülh və qarşılıqlı anlayışa nail olmalıyıq. Tədbir müzakirələrlə davam etdi.
11.09.2019