• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları”  layihəsinin yeni mövsümdə ilk konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə özünün ənənəvi olaraq təqdim etdiyi  genişmiqyaslı "Muğam axşamları" layihəsi ilə  ikinci dəfə muğamsevərlərin görüşünə gəlib.İlk konsert  "Rast" muğamına həsr  olunub.

 Həmin gün muğamsevərlər qarşısında  Əməkdar artistlər  Arzu Əliyeva və Elnur Zeynalov və beynəlxalq müsabiqələr laureatı Hüseyn Məlikov çıxış edib.  Sözün əsl mənasında möcüzəli "Rast"ın möcüzəli təqdimatı dinləyicilərin könlünə hakim kəsilib.  “Rast”ın şöbələri və ritmik ahəngi 3 istedadlı xanəndə tərəfindən  zərgər dəqiqliyi ilə özünəməxsus  tərzdə  təqdim edilməklə,  xoş ovqat bəxş edən ahənglə səslənib.  Konsert proqramı tamaşaşılar tərfindən böyük sevgi ilə qarşılanıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib.  

İlin sonunadək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah” muğamları ifa ediləcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 2-ci mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.

29.09.2019