• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində ustad xanəndə Hacıbaba Hüseynovun 100 illiyi qeyd edilib
Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb.
Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən tədbirdə  Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar artist MirNazim Əsədullayev, Saleh Novruzlu, Haci Əzizağa  çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıblar. Bildirilib ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycan muğamının xaricdə tanıdılmasına mühüm  töhfələr verib.
Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayıb. Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, özü də qəzəllər yazıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. Sənətkarın xatirəsi, əbədi heykəli ürəklərdə yaşayır.
Tədbirdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Gülüstan Əliyeva,  ustad xanəndənin tələbələri Saleh Bədəlov, Rövşən Bəşirov muğamlardan parçalar, xalq mahnılarını səsləndirdilər.
İfaçıları tarda Rövşən Qurbanov, kamançada  Əməkdar artist Toğrul Əsədullayev, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusifli, nağarada Amil Mustafayev və balabanda Rafael Əsgərzadə müşayiət edirdilər.
Ədəbi-bədii gecədə Hacıbaba Hüseynovun şerləri  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nadir Hüseynovun ifasında  tamaşaçılara təqdim olundu.
Tədbir gur alqışlarla qarşılandı.

13.04.2019