• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş memorial tədbir keçirilib

 
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı  Albert Aqarunovun 50 illik yubileyi ilə əlaqədar anım mərasimi keçirildi.
Tədbir Müdafiə nazirliyi, Mədəniyyət nazirliyi, Veteran Tankçılar Birliyi, Dağ Yəhudiləri Dini İcması, "Dədə Qorqud" Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Anım mərasimində adı çəkilən qurumların nümayəndələri, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndə heyəti, Qarabağ veteranları, şəhid ailələri üzvləri və digər qonaqlar iştirak ediblər.
1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan  23 yaşlı A.Aqarunov ömrünün ən gözəl çağında silaha sarılaraq doğma vətəni Azərbaycanın müdafiəsinə qalxıb, Qarabağ, Şuşa uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmanlığı ilə ad-san qazanıb. Hələ sağlığında vətənpərvərliyi, qorxmazlığı, şücayəti ilə fərqlənən Albertin döyüş dostları onu böyük hörmət və ehtiramla "Şuşanın əfsanəsi" adlandırıblar.
A.Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən Albert könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
A.Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 
Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

 Daha sonra tədbir bədii hissə ilə davam edib.