• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Sualtı döyüşlər” əsərinin müəllifinin yaradıcılıq gecəsi 
May ayının 15-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılığına həsr olunan gecə maraqlı anlarla yadda qaldı. Gecə Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının, Yazıçılar Birliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirildi. 
Tədbirdən əvvəl jurnalistlərə açıqlama verən müəllif bildirdi ki, görüş onun yaradıcılığına qiymət verən oxucuları qarşısında bir hesabatdır. Bu yaşıma kimi də yazıram, yaradıram və buna görə özümü xoşbəxt yazıçı hesab edirəm. Bir də ona görə xoşbəxtəm ki, mənim 200-dən çox şeirlərimə ən tanınmış bəstəkarlarımız, Arif Məlikov, Rauf Hacıyev, Elza İbrahimova, Oqtay Kazımi, Ramiz Mirişli musiqilər bəstələyiblər. 
Şən və pozitiv notlar üzərində qurulan tədbirdə ilk olaraq səhnəyə gecənin aparıcısı, filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlı çıxdı. O, Yusif Həsənbəyin yaradıcılığı və ədəbiyyata gəlişi haqqında qısa məlumatı diqqətə çatdırdı:”Yusif Həsənbəy 1932-ci ildə Quba rayonunda doğulub. Ürəyində dənizə böyük məhəbbət olan Yusif Həsənbəy dənizçi olmaq istəyib. Dənizçilik məktəbinə daxil olsa da, müəyyən səbəblərə görə təhsilini yarımçıq qoymalı olub. Amma onun qəlbini heç zaman dənizə getmək, dəniz haqqında əsər yazmaq arzusu tərk etməyib. 50 yaşında olarkən bu arzusuna yetişən yazıçının həyatında bundan sonra dəniz dövrü başlayır. Məhz bu səbəbdən də onun “Sualtı döyüşlər” əsərinin qəhrəmanları gerçək həyatdan götürülən obrazlardır.
Sonra səbəbkar səhnəyə dəvət edildi. Müəllifi ilk olaraq Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar təbrik etdi. O, çıxışı zamanı Yusif Həsənbəyin ədəbi mühitə gəlişi və yaradıcılığının xüsusiyyətləri ilə bağlı düşüncələrini bölüşdü. Yusif Həsənbəyi təbrik edən sədr ona fəaliyyətində uğurlar arzuladı. 
Akademik Nizami Cəfərov çıxışı zamanıYusif Həsənbəy poeziyasını və nəsrini təhlil etd. Dostluq münasibətlərindən söz açaraq, şairin yaratdığı ədəbi nümunələr haqqında fikirlərini bölüşən akademik bildirdi ki,  yaradıcılığa erkən çağlarından uşaq şeirləri ilə başlayan yazıçı ədəbiyyatımızda pillə-pillə inkişaf edib. Onun yazdıqları həmişə maraqla qarşılanıb, şeirlərində insan kimi yaşamağın, qocalmamağın düsturu var. Bu şeirlərdə dəniz, ekoloji mühit, insan təbiəti öz əksini tapır. O, yaratdığı əsərlərlə yaşayır, qəhrəmanlarını duyur, hiss edir. 
Tədbir boyunca şairin sözlərinə yazılmış mahnılar Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovanın, Əməkdar artist Gülüstan Əliyeva və gənc xanəndələrin ifasında təqdim edildi. Xalq artisti Eldost Bayramov şairin şeirlərini səsləndirdi. İfaçıları Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edirdi.

15.05.2019