• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” layihəsinin növbəti konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzi və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsinin növbəti konserti may ayının 17-də təqdim olundu.   Universitetin “Musiqi sənəti” fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının I kurs magistr tələbəsi Ceyhun Qurbanovun Konsertmeystr ustalığı sinfinin təqdim etdiyi konsertdə ilk olaraq səhnəyə müəllim Vüsalə Əsgərova çıxdı. O, universitetdə təhsil alan gənc istedadlardan söz açdı. Bildirdi ki, Azərbaycan xalqının zəngin mədəniyyəti və gənc istedadları ölkəmizin ən böyük sərvətidir. Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” layihəsi də gənc istedadlara dəstək missiyasını daşıyır. Bu layihə çərçivəsində yeni istedadlar üzə çıxır, onların səhnə vərdişləri püxtələşir. Vurğuladı ki, bu gün siz Ceyhun Qurbanovla bərabər universitetimizin tələbələrinin ifaları ilə də tanış olacaqsınız.  
Daha sonra Xalq artisti, unudulmaz bəstəkar Tofiq Quliyevin əsərlərindən ibarət təşkil edilmiş konsert proqramı təqdim edildi. 

Rəngarəng proqramda universitetin müəllim və tələbələri Tofiq Quliyev mahnılarını özünəməxsus üslubda ifa edərək tamaşaçılara unudulmaz musiqi axşamı bəxş etdilər.