• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş gözəl  konsert keçirilib.

Aprelin 1- də Beynəlxalq Muğam Mərkəzində  V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.
Konsert Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir .
Beynəlxalq Muğam Mərkəzində caz və caz-muğam konsertləri tez-tez keçirilir. Türkiyə, ABŞ, Belçika, Fransa kimi ölkələrdən gələn ifaçılar Muğam Mərkəzinin səhnəsində uğurla çıxış ediblər.
Ənənəyə sadiq qalaraq bu il də Beynəlxalq  Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.
V.Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub. Atasının ölümündən sonra, anası Zivər xanım Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Zivər xanım özü də musiqi müəlliməsi idi.
Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdur.Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.Bu zaman Vaqif artıq musiqiçilər arasında məşhurlaşmışdı.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyü”nə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78",”Monte-Karlo”) laureatı olmuşdur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılırdı. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma olan ad çəkilir.Vaqif Mustafazadə -Azərbaycan. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdan Vaqif növbəti konsertlərə hazırlaşır.
Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) müəllifidir. O,ilk dəfə Azərbaycan musiqisinin, muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi- Caz-Muğam adlanır.V.Mustafazadə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Sənətkar xalq musiqisində,muğamlarda caz elementləri görmüş və orijinal bir janr ərsəyə gətirərək „Muğam” simfoniyasını yaratmış, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdü.
Muğam Mərkəzində keçirilən gecədə V.Mustafazadənin əsərləri, müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələri   Fidan Babayeva, Leyla Kərimli,  Tomris Mütəllibzadə, Oğuz Qədimli, Humay Süleymanbəyli, Dərya Hüseynova, Leyla Mehdizadə,Leyla Süleymanlı, Əminə Səfiquliyeva, Natəvan Osmanova,Teymur Süleymanbəyli,Nigar Babazadə,Ələkbər Nəzərovun  ifasında səslənib.
Gecədə cazsevərlərin sevimlisi Cavan Zeynallı çıxış edərək məşhur caz improvizasiyalarını ifa etdi.
Gecənin aparıcısı Azərbaycan Milli Konservatoriyasının müəllimi, caz şərhçisi Tofiq Həsənsoy idi.

Konsert gur alqışlarla tamamlandı

01.04.2019