• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

 
Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində keçirilmiş konsert xalq şairi, nasir, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuşdu.
 
Konsertdə Xalq artistləri Gülyaz Məmmədova “Çinar”, Teyyub Aslanov “Nar ağacı”, Əməkdar artistlər Almaz Orucova “Qəlbimdə qaldın”, Zakir Əliyev “Təkcə ümid qalsın”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Kamilə Nabiyeva “Naçar gedər”,Zabitə Alıyeva “Güllərim”, Bəyimxanım Vəliyeva “Mavidir”, Sərxan Bünyadzadə “Külək”, Günay İmamverdiyeva “Mənim ürəyim” və müğənni Nadir Qafarzadə “Səhər-səhər”mahnılarını ifa ediblər.
 
Konsert proqramı Teyyub Aslanov, Zakir Əliyev, Nadir Qafarzadə və Sərxan Bünyadzadənin birlikdə ifa etdikləri “Möcüzələr adası”k/f-dən “Coş dənizim” mahnısı ilə yekunlaşıb.
 
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib. Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov olub.
 
Tamaşaçıların böyük maraqla izlədiyi konsert alqış sədaları altında yekunlaşıb.
 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirdiyi möhtəşəm yaradıcılıq layihələri davam edir.