• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

 
Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində, ADMİU – nin və Beynəlxalq Muğam Mərkəzinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə ADMİU- nin Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açdı.
 Daha sonra  bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olundu. 
Konsertdə  Qara Qarayevin yaradıcılığının  müxtəlif dövrlərində yazdığı  Simli kvartet üçün Sonatina, “Eskiz”, “İldırımlı yollarla”baletindən “Ehtiraslı qızın rəqsi”, “Çar kəndinin heykəli”, “Afrodita adası” tamaşasından mahnı, “Yeddi gözəl” baletindən  “Vals”, “Don Kixot” simfonik qravürləri, “Dənizi fəth edənlər” k/f-dən “Gənclik mahnısı” və “Xoşbəxtlik mahnısı”  kantataları tələbələrin ifasında  səsləndi.
Bütün çıxışlar  alqışlarla  qarşılandı.
 Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin və ADMİU- nin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın və Azərbaycanın digər  görkəmli bəstəkarlarının yaradıcılığına həsr olunmuş möhtəşəm konsertlər keçirilmişdir.
       Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, ətnik və caz   
         musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  
         layihələri davam  edir. 
 
Belə ki, noyabrın 28-də  Beynəlxalq Muğam Mərkəzində Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş"Baku Sound" adlı caz konserti keçiriləcək. 

Biletləri şəhərimizin kassalarında, "ASAN xidmət" mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

23.11.2018