• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihə davam edir.

    İyunun 19 – da Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Küçə Rza” dastanı təqdim olunub.

   Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

    Tədbirdə  filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək, “Dastan gecələri” adlı layihənin dastan yaradıclığının ,aşıq poeziyasının tamaşaçılara  daha geniş və ətraflı şəkildə  təqdim edilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib.  

    Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.

    2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı”sına daxil edilmişdir.

     Daha sonra Şirvan aşıqlar birliyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının ifasında “Küçə Rza” dastanı tamaşaçılara təqdim olunub.Ağamurad Şirvalını balabanda Əbilxan Şirvanlı, nağarada Hünər Şahalıyev, qoşa-nağarada Zəfər Şahalıyev, qarmonda Nurşirəvan Şahalıyev müşayiət ediblər.  

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı “Dastan gecələri” adlı layihəsində  öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.

   Xatırladaq ki, layihəs çərçivəsində aprelin 18-də “Alı xan – Pəri xanım” dastanı təqdim olunub. Bu ilin sonunadək “Abbas-Gülgəz” (28 sentyabr), “Aşıq Alının Türkiyə səfəri” (31 oktyabr), “Məhəmməd – Səlbi xanım” (27 noyabr), “Əmrah - Səlbi” (25 dekabr) dastanları tamaşaçılara təqdim olunacaq.

  Layihənin informasiya dəstəyini AZƏRTAC, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu, Trend.az, Day.Аz, Milli.Аz həyata keçirir.

19.06.2018