• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzinin “Yeni nəsil dəvət edir” layihəsi davam  edir.
 Mayın 22- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan   Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsini “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının tələbələrindən ibarət Xalq çalğı alətləri orkestri geniş konsert proqramı ilə çıxış edib.
Konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində  reallaşıb.
Konsert ilk olaraq Xalq çalğı alətləri kafedrasının müəllimi, Respublika və Beynəlxalq müsabiqələrin qalibi, prezident təqaüdçüsü Mustafa Aşurovun dirijorluğu ilə Ü.Hacıbəylinin “Koroğlu” operasından Uvertura ilə başladı.
 Daha sonra muğam sənəti, estrada sənəti kafedralarının tələbələri Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə S.Ələsgərovun “Vətənimdir”, V.Adıgözəlovun “Bayram suitası”, T.Quliyevin “Bakı haqqında mahnı”, ”Canım Bakı”, E.Sabitoğlunun “Nə gözəldir Azərbaycan”,”Şirin dil”, Ə.Tağıyevin “Qal sənə qurban”, Ü.Hacıbəylinin “Cəngi”,”Çırpınırdı Qara dəniz”, R.Mirişlinin “Bayram axşamlarında” mahnılarını səsləndirdilər.
 Konsertdə Cəlal Məlikli, Rəvan Qaçayev, Xasay Şıxıyev, Məlik Məmmədov, Jalə Quliyeva, Aytac Fərəcov, Həmid Həmzəyev, Nurlan Kərimli, Ayxan Bünyadzadə çıxış ediblər.
Həmçinin  konsertin son nömrələrindən biri olan “ Qarabağ şikəstəsi”  Muğam Televiziya Müsabiqəsinin qalibi, Azərbaycan Televiziyasının solisti Kamilə Nəbiyevanın və 2017-ci il Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Qəmbər Axundovun, Əmrah Məcidovun ifasında səsləndi.
 Sonda Azərbaycan Respublikasının Dövlət Himni  ADMİU-nun Xalq çalğı alətləri orkestrinin ifasında səslənib.
Konsert maraqla və gur alqışlarla sona yetdi.
22.05.2018