• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində məşhur qarmonçalan Əhəd Əliyevin 125 illik yubileyi keçirildi.

Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət”kanalının informasiya dəstəyi ilə məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd 1893-1942) 125 illik yubileyi keçirildi.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Fəlsəfə doktoru Gülhüseyn Kazımlı əfsanəvi qarmonçalının həyat və yaradıcılığı haqqında məlumat verdi.

1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 - 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.

1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti - qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb etdi və böyük bəstəkar "Arşın mal alan" operettasındakı toy səhnəsində "Tərəkəmə" rəqsini çalmaq üçün operaya Əhəd Əliyevi solist kimi qəbul etdi.

Əhəd Əliyevin təklifi ilə Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparmış və bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olmuşdur.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edən nümayəndələrin tərkibinə Əhəd Əliyev də daxil edilmişdi.

Əhəd Əliyev 1942-ci ildə 49 yaşında Bakıda vəfat etmişdir.

 

Gecədə bəstəkar, Xalq artisti Tofiq Bakıxanov Əhəd Əliyev haqqında xatirələrini bölüşdü.YUNESCO-nun qeyri-maddi irs üzrə nümayəndəsi, sənətşünaslıq doktoru Sənubər Bağırova, Əhəd Əliyevin çalğı sənətinin xarakterik xüsusiyyətləri haqqında danışdı.

Sənətşünaslıq doktoru, Əməkdar artist Zakir Mirzəyev və Əhsən Rəhmanlı Əhəd Əliyev yaradıcılığını elmi cəhətdən təhlil etdilər.

Tədbirdə musiqi nömrələri ilə Xalq artistləri Mələkxanım Eyyubova, Aftandil İsrafilov,Ənvər Sadıqov, Əməkdar artistlər Fərqanə Qasımova,Zakir Mirzəyev, Ehtiram Hüseynov, Cahangir Qurbanov,Sahib Paşazadə,Əməkdar müəllim Qəzənfər Abbasov, “Çeşmə” folklor ansamblı (bədii rəhbər Əməkdar mədəniyyət işçisi Gülara Azaflı) və  Əhsən Rəhmanlı iştirak etdilər.

Gözdən əlillər üçün 38 saylı musiqi məktəbinin 11-ci sinif şagirdi Məhəmməd Abışovun ifası isə tamaşçıların xüsusi rəğbətini qazandı.

 İfaçıları Azərbaycan  Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri  Xalq artisti, professor Möhlət Müslümovdur.

Tədbirin sonunda belə gecələrin ənənəsinə uyğun olaraq əfsanəvi qarmonçalan Əhəd Əliyevin nəticəsi Aleksandriya Sevinc Sultan-zadə fon Brüseldorff çıxış edərək Azərbaycanın Birinci vitse -prezidenti Mehriban xanımƏliyevaya Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə, dünyada yeganə olan Beynəlxalq Muğam Mərkəzinin yaradılmasına görə dərin təşəkkürünü bildirdi.

O qeyd etdi: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli mədəniyyətin təbliğ edilməsi və inkişafı, həmçinin Azərbaycan incəsənətinin çiçəklənməsi naminə göstərdiyi fəaliyyət nümunədir.”

 

Aleksandriya Sevinc Sultan-zadə fon Brüseldorff tədbirin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova və Mərkəzin kollektivinə təşəkkürünü bildirdi.

 O, həmçinin “Mədəniyyət” kanalının direktoru Əməkdar artist Ramil Qasımova da tədbirin informasiya dəstəyinə görə minnətdarlığını çatdırdı.

Sevinc xanım Tofiq Bakıxanovun, Süleyman Rüstəmin sözlərinə bəstələdiyi “Yaşa könül” mahnısını ifa etdi.

Gecə qarmonçalanların ifasında Əhməd Bakıxanovun “Bayatı-Qacar” rəngi ilə sona yetdi.

15.02.2018