• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Afişa

Beynəlxalq Muğam Mərkəzində Rusiya folklor kollektivlərinin çıxışı

Beynəlxalq Muğam Mərkəzində  Rusiya və Azərbaycanın Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşan "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda platforma çərçivəsində Rusiyadan gəlmiş folklor kollektivlərinin konsert proqramı təqdim edilib.
Konsertdə Başqırdıstanın Fayzi Qaskarov adına Dövlət Akademik Milli Rəqs Ansamblı, Komi Respublikasının “Qızıl əllər” ansamblı, Tambov vilayətinin “Domino” rəqs qrupu və Kemerovo şəhərindən Çıltıs Tannaqaşevanın xor kollektivi çıxış edib. Kollektivlər dünya şöhrətli Azərbaycan müğənniləri, SSRİ xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin repertuarından əsərləri səsləndirdilər. Bir-birindən maraqlı, rəngarəng ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Müxtəlif xalqların bir səhnədə təqdim etdiyi etnik musiqilər və milli musiqilərdən ibarət konsert proqramı bir daha sübut edirdi ki, multikultural dəyərlər dostluğa, qardaşlığa xidmət edir. Konsertin sonunda ifaçılar səmimi qarşılanmaya görə Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq müxtəlif xalqların etnik və milli musiqi mədəniyyətini təmsil edən konsertlər təşkil edilir. BMM-nin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində müxtəlif xalqların milli musiqisinin Azərbaycanda,  Azərbaycan milli musiqisinin xaricdə təbliği  baxımından birgə layihələr mühüm əhəmiyyət kəsb edir. BMM bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Milli mədəni və   multikultural dəyərlərin təbliği ilə bağlı qarşıda tamaşaçılara bir-birindən maraqlı layihələr təqdim ediləcək.

11.10.2019