• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Afişa

Beynəlxalq Muğam Mərkəzinin yeni “Aşıq musiqisi axşamları” layihəsi  çərçivəsində ”Zərif əllər,incə tellər” adlı tədbir keçiriləcək.

 Martın 7-də “8 mart Beynəlxalq Qadınlar günü” ərəfəsində Beynəlxalq Muğam Mərkəzi öz tamaşaçılarına “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində ”Zərif əllər,incə tellər” adlı konsert hədiyyə edəcək. Bu axşam kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıqları məktəbinin nümayəndələrinə həsr edəcəklər.

 Beynəlxalq Muğam Mərkəzi bir neçə böyük layihələrin təşəbbüskarıdır. Bunlardan “Muğam axşamları”layihəsi keçən ilin may ayının 16-da başlamış, dekabrın 27-nə qədər davam etmişdir.Bu layihə çərçivəsində istedadlı xanəndə və musiqiçilərin ifasında  əsas Azərbaycan muğamları-“Rast”,”Şur”, “Segah” , ”Çahargah”,”Bayatı-Şiraz”,”Şüştər”,”Hümayun” və  “Mahur-Hindi”,”Bayatı-Kürd”,”Orta-Mahur”,”Rahab”,”Bayatı-Qacar”,”Şahnaz”,”Qatar”,”Dəşti”,”Mirzə Hüseyn Segahı”,”Xaric Segah”,”Heyratı”,”Mənsuriyyə”,”Qarabağ  Şikəstəsi”,”Osmanlı”,”Heydəri”,”Simayi-Şəms”,”Ovşarı”,”Arazbarı” muğamları  muğamsevər tamaşaçılara təqdim edilmişdir.

Yeni “Aşıq musiqisi axşamları” layihəsi isə yanvarın 12-də başlamış və mayın 16-na qədər davam edəcəkdir.Layihənin əsas məqsədi,Azərbaycanın qədim musiqi irsinin geniş ictimaiyyət arasında təbliğidir.

Azərbaycan Aşıq musiqisi xalqımızın şifahi ənənələrə söykənən musiqi növlərindəndir.Xalqımızın dilinin,ədəbiyyatının,xalq şerinin etibarlı saxlancıdır.Bu musiqi növü özündə xalqın qəhrəmanlıq tarixini,azadlıq arzularını yaşadır,dostluğu,məhəbbəti və sədaqəti tərənnüm edir. 2009-cu ildə aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

 Layihə çərçivəsində “Koroğluya qayıdaq” və “Aşıq Ələsgərin saz-söz dünyası” tədbirləri baş tutmuşdur. Növbəti tədbirlər - “Aşıq Şəmşir şeri”-28 mart,”Yada salaq Aşıq Ədaləti”-12 aprel, ”Yeni səslər,qədim havalar”-16 mart tarixlərində olacaqdır.

Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin informasiya dəstəyini Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu, Azərtac və “Baku” jurnalı, həmçinin Trend.az, Day.Аz, Milli.Аz. saytları həyata keçirir.

  Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə edə bilərsiniz.

07.03.2018