• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri. Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. İlk təhsilini mədrəsədə almış, dini mərasimlərdə və xalq şənliklərində çıxış etmişdir. Seyidin peşəkar bir xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur. Mir Möhsün Nəvvabdan klassik muğamların və xalq musiqisinin dərin sirlərini əxz etmişdir. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olmuşdur. Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti  ilə dinləyiciləri, eləcə də, məşhur xanəndələri belə heyran qoymuşdu. 1911 – 1919-cu illərdə Seyid Şuşinski Tiflisdə fəaliyyət göstərmiş, xanəndəlik sənətini daha da təkmilləşdirmiş, onun bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Məşhur xanəndə Əbülhəsən xan İqbal Soltanla tanışlığı da onun ifaçılıq üslubunda əhəmiyyətli iz buraxmışdır. Bu illərdə o, Azərbaycan bəstəkarlarının muğam operalarında çıxış etmişdir. 1913 – 1914-cü illərdə “Ekstrafon” səhmdar cəmiyyəti tərəfindən iki dəfə Kiyev şəhərinə dəvət edilərək, səsi vala yazılmışdır. Onun oxuduğu “Çahargah”, “Nəva”, “Bayatı – İsfahan”, “Hümayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə Hüseyn Segahı” muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer almışdır. Xanəndənin oxuduğu “Çahargah” muğamı öz ifaçılıq təfsiri ilə fərqlənmişdir. S.Şuşinski “Çahargah” muğam dəstgahını yüksək zirvədən – zil şöbə olan “Mənsuriyyə”dən başlayırdı ki, bu da muğama döyüş ruhu aşılayırdı. S.Şuşinskinin yaradıcılığının sonrakı dövrü Bakı ilə bağlı olmuşdur. Bu dövrdə onun müəllimlik fəaliyyəti genişlənir. 1926-cı ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinfində müəllimlik etməyə başlayır. O, bir sıra görkəmli xanəndələrin müəllimi olmuşdur. Seyid Şuşinski bəstəkarlara da çox kömək edərək, muğam sahəsindəki biliklərini onlarla bölüşmüşdür. Xüsusilə, simfonik muğam janrında əsərlərini (“Şur”, “Kürd ovşarı”) yaradarkən Fikrət Əmirov Seyid Şuşinskinin sənətindən bəhrələnmişdir. Seyid Şuşinski daim yeniliyə can atır, öz yaradıcılığını yeni keyfiyyətlərlə zənginləşdirməyə çalışırdı. O, bir çox muğamları birləşdirib oxumuşdu. Bunlardan “Rast-Hümayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz” dəstgahları diqqətəlayiqdir.