• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Görkəmli tarzən Sadıqcandan dərs almış, Qarabağ muğam ifaçılığı məktəbinin ənənələrini dərindən mənimsəyən Q.Primov sənətdə öz yolunu açmışdır. Q.Primov klassik ənənələrə əsaslanaraq, muğam ifaçılığını yeni dövrdə inkişaf etdirmiş, özünəməxsus xüsusiyyətlərlə zənginləşdirmişdir. Buna görə də, Q.Primovun yaradıcılığı, ifaçılıq sənəti öz orijinallığı ilə seçilir. Onun ifa edərək yaratdığı “Mahur-Hindi”, “Çahargah”, “Xaric Segah”, “Şur”, “Zabul Segah”, “Çoban bayatı” nadir sənət nümunələri kimi musiqi xəzinəsinə daxil olmuşdur. 1905 ildən başlayaraq, xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərərək məşhurlaşmış, bir sıra xarici ölkələrdə - Rusiyanın, Zaqafqaziyanın, Orta Asiyanın və Yaxın Şərqin müxtəlif şəhərlərində konsertlər vermişdir. Onun solo və ansamblda ifa etdiyi muğamlar qrammofon vallarına yazılmışdır (1906 – 1916-cı illər; “Pate”, “Sport-Rekord”, “Qrammofon” şirkətləri; Riqa, Varşava, Kiyev şəhərləri). Q.Primovun müşayiəti ilə Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, İslam Abdullayev, Ələsgər Abdullayev, Seyid Şuşinski və b. xanəndələrin ifası qrammofon vallarına yazılmışdır. 1934 ildə Tiflisdə Zaqafqaziya incəsənəti olimpiadasının, 1939-cu ildə Ümumittifaq baxışının qalibi olmuşdur. Q.Primov Ü.Hacıbəylinin yaratdığı ilk Azərbaycan operası “Leyli və Məcnun”da (1908) solist-tarzən kimi çıxış etmişdir. Həmin tarixdən o, 40 il Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir. O, Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyli, M.Maqomayev, Z.Hacıbəyov) muğam operalarının tamaşaya hazırlanmasında bilavasitə iştirak etmiş və bu operaların uğurlu səhnə həyatında onun da böyük əməyi olmuşdur. Azərbaycan bəstəkarları Q.Primovun yaradıcılığından qiymətli mənbə kimi faydalanmışlar. Onun ifasında “Rast”, “Şur” və s. muğamlar, zərbi muğam, rəng və rəqs nümunələri dəfələrlə müxtəlif bəstəkarlar (M.Maqomayev, Niyazi, Q.Qarayev, F.Əmirov, T.Quliyev, V.Krivonosov, M.Qliyer, S.İbrahimova) tərəfindən nota yazılmışdır. Bu not yazılarından bəstəkar yaradıcılığında və musiqişünaslıq tədqiqatlarında istifadə olunmuşdur. Q. Primov 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə ilk muğam proqramının hazırlanmasında yaxından iştirak etmişdir. O, böyük bir tarzən və xanəndə nəsli yetirmişdir. Onun Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət Opera və Balet Teatrında gənc tarzən kadrlarının hazırlanması və muğam operalarında çıxış edən xanəndələrin yetişməsində böyük əməyi olmuşdur. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Zərif Qayıbov, Əliağa Quliyev, Həbib Bayramov, Sərvər İbrahimov, Xosrov Fərəcov və b. onun yetirmələridir.