• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Gözəl səsi olan və uşaqlıqdan xanəndə olmaq arzusu ilə yaşayan M.Behbudov bir müddət məsciddə nohə oxumuş və minacat vermiş, xüsusi məclislərdə və toy şənliklərində xanəndəlik etməyə başlamışdır. O, əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də, sonralar uzun illər Tiflisdə yaşamış və konsertlər vermişdir. Öz müasirləri kimi, M.Behbudov da öz gözəl səsi və ifa tərzi ilə diqqəti cəlb etmiş, “Qrammofon” şirkəti onu səsini vala yazmaq üçün 1910-cu ildə Riqa şəhərinə dəvət etmişdir. Riqada xanəndə Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir necə muğam, təsnif və xalq mahnılarını oxuyub vala yazdırmışdır. M.Behbudovun repertuarı geniş və rəngarəng idi. “Mirzə Hüseyn Segahı”, “Şüştər”, “Çahargah” muğamlarının mahir ifaçısı sayılırdı. O, klassik muğamlarla yanaşı, Qafqaz xalqlarının dillərində də mahnılar oxumaqla dinləyiciləri valeh edirdi. Xanəndə Azərbaycan opera teatrının inkişafında da yaxından iştirak etmişdir. O, 1910-cu illər ərzində Azərbaycana gəlmiş bir sıra muğam operalarında və operettalarda çıxış etmişdir. Bu baxımdan, o dövrün afişa və mətbuat səhifələrindən maraqlı məlumatlar əldə etmək olar. Belə ki, M.Behbudov Ü.Hacıbəylinin opera və operettalarında, M.C.Əmirovun “Seyfel-Mülk” operasındakı rolları ilə yadda qalmışdır. Məcid Behbudov Azərbaycan şəhərləri, Qafqaz ölkələri ilə yanaşı, İranda da qastrol səfərlərində olmuş, dinləyicilər tərəfindən böyük sevgi ilə qarşılanmışdır. M.Behbudov ömrünün çox hissəsini Gürcüstanda yaşamış, Tiflis teatrlarında, konsert salonlarındakı çıxışları ilə yaddaşlara həkk olunmuşdur. Onun Qafqaz ölkələrində Azərbaycan musiqisini təbliğ etmək sahəsində mühüm xidmətləri vardır. Ömrünün son illərini isə M.Behbudov Qazax rayonunda yaşamışdır. O, burada mədəniyyət evində çalışmış, bir sıra istedadlı xanəndələr yetişdirmişdir. Məcid Behbudovun övladları Azərbaycan mədəniyyətində mühüm rol oynamışlar: məlahətli səsi ilə dünyanı fəth edən müğənni, SSRİ xalq artisti Rəşid Behbudov, rejissor, Rusiyanın xalq artisti Ənvər Behbudov, aktrisa, əməkdar artist Nəcibə Behbudova ailə ənənəsini davam etdirmişlər.