• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Azərbaycan xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri. M.M. Fərzəliyev musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Zəngin yaradıclıq yolu keçmiş Məşədi Məmməd güclü nəfəsə, geniş diapazonlu gur səsə malik olmuşdur. O, səsinin gücünü ucalığına və səslənmə tempinə görə sərbəst dəyişmək qabiliyyəti, sürəkli, çağlayan zəngulələri ilə məşhur idi. Məşədi Məmməd dinləyicilər qarşısında həmişə zəngin və orijinal repertuarla çıxış etmişdir. Onun oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul – Segah”, “Kürd Şahnaz” muğam dəstgahları, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi - Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” zərbi muğamları dinləyicilər tərəfndən böyük rəğbətlə qarşılanmışdır. Xüsusilə, Azərbaycan xanəndəlik sənəti tarixində “Şüştər” muğamının mahir ifaçısı kimi tanınmışdır. O, qədim Azərbaycan mahnılarını və təsnifləri böyük məharətlə ifa edirdi. “Qarabağda bir dənəsən”, “Alma”, “Nəbi”, “Vətən şərqisi”, “Mən bir türkəm”, “Axşam oldu” onun şövqlə ifa etdiyi təsniflər idi. 1912 – 1915-ci illərdə M.M.Fərzəliyev  “Sport-rekord” (Varşava) və “Ekstrafon” (Kiyev) səhmdar cəmiyyətlərinin dəvəti ilə 40-a qədər muğam, təsnif və mahnı oxuyub vala yazdırmışdır. M.M.Fərzəliyev, həmçinin geniş konsert fəaliyyəti ilə məşğul olur, “Şərq konsertləri"ndə, teatr tamaşalarında çıxış edirdi. 1923-cü ildə Məşədi Məmməd Gəncədə açılan şəhər musiqi məktəbində muğamatdan dərs demək üçün dəvət alır. Burada o, gənc xanəndələrin yetişməsinə böyük qayğı göstərir. 1926-cı ildən M.M. Fərzəliyev muğam üçlüyünün müşayiəti ilə Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda dəfələrlə konsertlər vermişdir. 1929-cu ildən Türkiyəyə köçərək, ömrünün sonuna kimi burada yaşamışdır. M.M. Fərzəliyev Azərbaycan xanəndəsi kimi milli musiqi mədəniyyətini xaricdə geniş surətdə tanıtmışdır.