• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Ilk təhsilini Ağcabədidə almışdır. Uşaqlıqdan gözəl səsi ilə xalqın qəlbinə yol tapdığına görə hamı onu məhəbbətlə “Zülfi” deyə çağırırdı. Onun bir xanəndə kimi yetişməsində Meşədi Cəmil Əmirovun, Musa Şuşinskinin, Cabbar Qaryağdıoğlunun və Qurban Primovun böyük rolu olmuşdur. Qarabağ və Gəncə muğam məclislərində tanınan Zülfi Adıgözəlov 1927-ci ildə Cabbar Qaryağdıoğlunun təklifi ilə Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyanın solisti kimi fəaliyyət göstərmişdir. Filarmoniya gənc xanəndənin inkişafında əsl sənət məktəbi olur. O burda görkəmli xanəndələrdən muğamatın sirlərinə yiyələnir və tezliklə püxtələşmiş bir xaxəndəyə çevrilir. Eyni zamanda, Azərbaycan radiosunda konsert proqramlarında, opera səhnəsində tamaşalarda (1929 – 1932) iştirak etmişdir. Z.Adıgözəlovun repertuarı əsasən muğam və təsniflərdən ibarət idi. O, bütün muğamları böyük ustalıq və həvəslə oxumuşdur. Onun “Zabul Segah”, “Orta segah”, “Mahur – Hindi” muğamları dinləyiciləri riqqətə getirdi. Z.Adıgözəlov muğamları pəstən (aşağı registrdə) xüsusi məlahətlə və məharətlə oxumuşdur. Xüsusilə, “Rast” muğamını o, bənzərsiz bir üslubda yaratmış, bununla da musiqi tarixinə “Rast” muğamının ən mükəmməl ifaçısı kimi daxil olmuşdu. Zülfi öz təkrarolunmaz ifaçılıq məharəti ilə “Rast” muöamına romantik vüsət vermişdi. Onun ifasında “Rast” muğamı bənzərsiz sənət əsəri kimi lent yazılarında qorunur. Təsnif və xalq mahnılarını da o, çox təsirli oxuyurdu. Onun ifasında “Bir cüt sona”, “Nəbi”, “Dedim, bir busə ver”, “Kəklik” mahnıları, “Gedirəm axı” təsnifi böyük ustalıqla yaradılmış sənət əsərinə çevrilirdi. Z.Adıgözəlov klassik xanəndələrin zəngin təcrübəsini öyrənərək , onların ənənələrindən yaradıcı şəkildə bəhrələnmiş və sənətdə öz üslubunu yaratmışdır. Bütün bu yaradıcıq məziyyətləri Z.Adıgözəlovu dinləyicilərə sevdirmiş, təkcə Azərbaycanda deyil, Rusiya və İranın bir çox şəhərlərində öz sənəti ilə pərəstişkarlarını sevindirmişdir. Z.Adıgözəlov həm də müəllim kimi bir çox istedadlı xanəndələr yetişdirmişdir. Z.Adıgözəlovun övladları da onun muğam aləmindən qidalanaraq, özləri musiqiyə həsr etmişlər. Böyük oğlu xalq artisti, professor Vasif Adıgözəlov görkəmli bəstəkar kimi respublikamızın musiqi mədəniyyətində önəmli yer tutmuşdur. Kiçik oğlu əməkdar incəsənət xadimi Rauf Adıgözəlov isə mahir skripkaçı və müğənni idi. Nəvəsi əməkdar incəsənət xadimi, xalq artisti, professor Yalçın Adıgözəlov dirijordur.