• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muğam

Muğam (ərəb: yer, məkan) – Azərbaycan musiqisində şifahi ənənəli professional musiqi sənəti; şifahi ənənəyə malik Azərbaycan klassik musiqi janrlarından biri; iri həcimli vokal – instrumental və ya instrumental əsər.

Mürəkkəb ideya – emosional məna daşıyan, dərin və bitki təfəkkür, bədii həyacan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edir. Xüsusi musiqi təhsili görmüş peşəkar musiqi ifaçılarının yaradıcılıq məhsulu olan muğam şifahi ənənələr arasında ustad – şagird münasibətləri zəminində nəsildən – nəsilə ötürülür. Muğam yarandığı zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış, kamilləşmişdir. Bütün Şərq xalqlarının mədəniyyətində belə bir musiqi növü vardır, lakin müxtəlif regionlarda yaşayan xalqlarda müxtəlf adlar yaşayır: azərbaycanlılarda muğam, iranlılarda – dəstgah, ərəblərdə makam, türklərdə təqsim, tacik və özbəklərdə şaşmakom, uyğurlarda patet, qazaxlarda küy, qırğızlarda və s. Belə ad müxtəlifliyinə baxmayaraq, onları birləşdirən əsas cəhət muğamın yalnız professional musiqiçilər tərəfindən yaradılması və ifa olunmasıdır. Muğam tipli sənət nümünələri bütün Şərq xalqlarında əsrlərdən bəri sabit qanunlar əsasında çalınıb – oxunaraq yaradılan silsilə əsərlərdir. Onlar varislik ənənəsi ilə mənilsənilərək, nəsil – nəsil qorunur. Bununla yanaşı, hər bir xalqın mədəniyyətinə və musiqisinə xas olan milli xüsusiyyətlər bu sənət növündə həm musiqidə, həm də ifaçılıqda özünü büruzə verir. Bu da onları bir-birindən fərqləndirən əsas cəhətdir.

Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə insanların ruhunu təmizləməsi, saflaşdırılması fikri də söylənilir. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: “Nəva” muğamı – Ay planetinə, “Busəlik” – Merkuri, “Rast” – Venera, “Əraq” – Günəş, “Üşşaq” – Mars, “Zirəfkənd” – Yupiter, “Rəhavi” – Saturn planetinə uyğundur.

Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi “nəva”, “rah”, “xosrovani” adlanırdı. Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi formalaşması XII – XIII əsrlərə “Müsəlman Renessansı” dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa şairlər) muğamın da inkişafına təkan verdi.


       Nizami Gəncəvi                                                                                        Məhəmməd Füzuli

Şərq ölkələrində yüksək poeziya dili kimi qəbul olunmuş ərəb-fars dilləri saray mühitində formalaşan muğam sənətinə böyük təsir göstərmişdir. Şərq poeziyasının ən mükəmməl şeir forması olan qəzəl ərəb dilinin xüsusiyyətləri ilə sıx bağlı olduğuna görə, qəzəllər əsasında oxunan muğam melodiyalarının quruluşunda əruz vəzni böyük rol oynayır. Məhz bu dövrdə yaranmış muğamlar ərəb – fars mənşəli adları qəbul etmiş və ənənəvi olaraq bu gün də saxlanılmışdır.

Orta əsrlərdə Şərq musiqisində 12 klassik muğam: “Üşşaq”, “Nəva”, “Busəlik”, “Rast”, “Əraq”, “İsfahan”, “Zirəfkənd”, “Büzürk”, “Zəngulə”, “Rəhavi”, “Hicaz”; 6 avaz: “Şahnaz”, “Mayə”, “Səlmək”, “Novruz”, “Gərdaniyyə”, “Güvaşt” mövcüd idi. Eyni zamanda, 24 şöbə və zərbi muğamlar, təsnif adları da qeyd olunur. Zaman keçdikcə, bütün bu muğamların mahiyyəti dəyişsə də, onların adı bu günə kimi bütün Şərq xalqlarının musiqisində eyni şəkildə qalmışdır. Orta əsrlərdə yaranmış muğam və avazlardan bəzisi inkişaf edərək, böyük bir muğam dəstgaha çevrilmiş, bəzisi isə şöbə kimi muğam dəstgahların tərkibinə daxil olmuş və ya kiçik həcmli muğam əhəmiyyəti kəsb etmişdir. Muğam sənəti təkmilləşərək bizə gəlib çatmışdır. Müasir dövrdə Azərbaycan musiqi irsinin əsasını “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun” və s. muğamlar təşkil edir. Yalnız “Rast” muğamı orta əsrlərdən mükəmməl şəkildə qorunaraq, bu gün də əsas muğam dəstgah sayılır. “Üşşaq”, “Hüseyni”, “Əraq” isə onun tərkibinə muğam şöbəsi kimi daxil olmuşdur.

Muğam adlarının etimologiyası maraqlıdır. Bəzi muğam adları rəqəmlərlə bağlıdır: məs., “Dügah”: dü – ikinci, gah – “məqam”, “məkan”, “mövqe” mənasını daşıyır, “ikinci məqam” deməkdir.  O cümlədən, “Segah” – üçüncü, “Çahargah” – dördüncü, “Pəncgah” – beşinci məqam mənasını verir. Ölkə və şəhər adları ilə bağlı muğamlar var:”Azərbaycan”, “Hicaz”, “Zabul”, “Bayatı-Şiraz”, “Bayatı – İsfahan”, “Əraq” (və yaxud “İraq”), “Arazbarı”, “Heyratı”, “Kabili”, “Qarabağ şikəstəsi” və s. yer adlarını daşıyır. Tarixi şəxsiyyətlərlə və ifaçılarla bağlı muğam adları: “Mənsuriyyə”, “Heydəri”, “Baba Tahir”, “Hacı Dərviş”, “Hacı Yuni”, “Şah Xətai” muğam şöbələrində öz əksini tapır. Heyvanat aləmi ilə bağlı muğam adlarına da rast gəlinir: məs., “Balu – kəbutər” – “qaranquş qanadları”, “Zəngi – şötör” – “dəvə zəngləri” mənalarını daşıyır. Musiqinin obrazlı məzmunu ilə əlaqədar muğam adları mövcuddur: “Səmayi – Şəms”, “Şur”, “Hümayun”, “Şahnaz”, “Dilkəş”, “Dilrüba” və s. Eyni zamanda, türk qəbilə və tayfa adları da muğamlarda öz əksini tapmışdır: məs., “Bayatı” – Bayat tayfasının, “Ovşarı” (“Əfşarı”) – Əfşar tayfasının adı ilə bağlıdır. Həmçinin, “Bayatı-Türk”, “Bayatı – Qacar”, “Bayatı – Kürd” (“Kürd” sözü türk mənşəli “Qurd” sözünün xalq arasında tələffüz formasıdır) muğamların qədim türk kökləri ilə bağlılığından xəbər verir.

Muğam ənənələri bu gün də qorunub saxlanılır. Muğam - əsaslı ustad məktəbi keçmiş, ifaçılıq texnikasına məharətlə yiyələnmiş, virtuoz improvizə bacarığına və bəstəkarlıq istedadına malik, muğam qanunlarını və poeziyanı dərindən bilən professional musiqiçilər tərəfindən şifahi ənənə əsasında oxunub – çalınaraq yaradılır. Muğam bir yaradıcılıq prosesidir və sənətkarın təxəyyülü üçün geniş imkanlar açır. Muğam ifaçısı  - xanəndə və ya xalq çalğı alətləri ifaçısı öz zövqündən, məharətindən, bacarığından asılı olaraq, ciddi qayda – qanunlar əsasında qurulan muğam kompozisiyasında bir muğamdan digərinə keçərək, onu rəngarəngləşdirir, öz ifaçılıq versiyasını yaradıq.

Bülbülcanın ansamblı (XIX əsrin axırları)

Muğam ifası iki cür olur: birincisi, vokal – instrumental, yəni ansambl şəklində; belə ansambl keçmişdə “xanəndə və sazəndə dəstəsi” adlanırdı, müasir musiqi ifaçılığında “muğam üçlüyü” deyilir – klassik muğam üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir. İkincisi, muğamlar insrumental, yəni solo şəkildə ifa olunur. Muğamın bütün tərkib hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əks etdirir. Muğamın hər bir hissəsi (şöbəsi, guşəsi) çox vaxt özü – özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını itirmir.

Muğam operası – XX əsrin əvvəllərində Azərbaycan meydanına gəlmiş orijinal opera janrı. Üzeyir Hacıbəylinin yaradıcılığında təşəkkül tapmışdır.

Üzeyir Hacıbəyli

Onun muğam sənətinə əsaslanaraq yaratdığı “Leyli və Məcnun” (1908) operası ilə Azərbaycanda və Şərqdə opera sənətinin əsası qoyulmuşdur. Bu əsərin tamaşaya qoyulması musiqi teatrının yaranmasına səbəb olmuş, Azərbaycan bəstəkarlıq sənətinin bünövrəsini qoymuşdur.

Eyni zamanda, bu hadisə muğam ifaçılığı sənətinin hüdudlarını genişləndirmiş, xanəndələrin opera səhnəsinə çıxmasına təkan vermişdir. Ü.Hacıbəyli, həmçinin “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid Banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) operalarının müəllifidir.  Ü.Hacıbəylinin yaradıcılıq təcrübəsindən bəhrələnən digər bəstəkarlar da muğam operaları yaratmışlar: Z.Hacıbəyovun “Aşıq Qərib” (1916), M.Maqomayevin “Şah İsmayıl” (1916) operaları bu janrın maraqlı nümunələridir. Bu ənənə XX əsrin II yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir: Ş. Axundovanın “Gəlin qayası”, C.Cahangirovun “Xanəndənin taleyi” operaları bu qəbildəndir. V.Mustafayevin “Vaqif”, V.Adıgözəlovun “Natəvan” operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin musiqi məzmununda muğamlardan istifadə edilmişdir.

Simfonik muğam – Azərbaycan musiqisinin bir janrı. 1948 ildə bəstəkar Fikrət Əmirov tətəfindən yaradılmışdır.

Fikrət Əmirov

F. Əmirovun muğamların musiqi materialına və kompozisiya xüsusiyyətlərinə əsaslanaraq yazdığı “Şur” və “Kürd-Ovşarı” simfonik əsərləri ilə Azərbaycan simfonik musiqisində bu janrın bünövrəsi qoyulmuşdur. Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur.

Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət etmişlər. Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, F. Əmirov “Gülüstan Bayatı-Şiraz”, T.Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.

Azərbaycanın muğam sənəti (2003), aşıq sənəti (2009), tar ifaçılıq sənəti (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Heydər Əliyev Fondunun yaratdığı muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan “Muğam İrs”, “Muğam dəstgah”, “Muğam Ensiklopediyası”, “Muğam - İnternet”, “Muğam - Antologiya”, “Muğam dünyası”, “Muğam müsabiqələri”, “Beynəlxalq Muğam Mərkəzi”, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı layihələri bu gün uğurla həyata keçirilməkdədir. Bu layihələrinin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır, onlar Azərbaycan muğam sənətinin qorunub salanılaraq, gələcək nəsillərə  ötürülməsinə, çoxcəhətli, hərtərəfli surətdə öyrənilməsinə və təbliğinə xidmət edir.

                             

 

 

Mənbəyi

Heydər Əliyev Fondu

tərəfindən nəşr olunmuş

Muğam Ensiklopediyası