• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Musiqi alətləri
Tar mizrabla çalınan simli dartımlı musiqi aləti. Azərbaycan tarı ozünəməxsus quruluşa, konstruksiyaya və bədii – texnili imkanlara malikdir. Ümumiyyətlə, tar aləti bir çox ölkərlərdə - İranda, Orta Asiyada, Dağıstanda və başqa yerlərdə geniş yayılmışdır. Lakin özəl cəhətlərə malik Azərbaycan tarı digər tar növlərindən, əsələn, İran tarından xeyli fərqlənir. XIX əsrin II yarısı Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndəsi sayılan Mirzə Sadıq Əsəd oğlu tar musiqi aləti üzərində rekonstruksiya aparmış, alətin konstruksiyasını elmi – akustik prinsiplər əsasında dəyişdirmişdir. O, tarın səsini gücləndirmək üçün simlərin sayını artırmış; alətin qolunun yuxarısında (kəlləyə yaxın yerdə) əlavə pərdə (zabul pərdəsi) bağlamış; tar ifaçılığı texnikasında “lal barmaq” adlanan üsuldan geniş istifadə edilməsinə yol açmış; tarı diz üstünə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırmış və tarı sinə üstünə alıb çalmağı daha münasib, daha yararlı hesab etmişdir. Müasir Azərbaycan tarı 11 simli, geniş səs diapazonuna və zəngin ifaçılıq imkanlarına malik alətdir. Milli musiqi ifaçılığında həm solo, həm də müşayiətçi alət kimi isitfadə olunur. “Tar” sözünün mənası “sim” deməkdir. Şərqdə bir sıra simli alətlərin adında rast gəlinir: dütar, setar, çahartar və s. Ərəb ölkələrində isə dəf alətini “tar” adlandırırlar.
Qaval zərbli musiqi aləti. Dairəşəkilli, eni 60 – 75 və diametri 350 – 450 mm olan sağanağın üzərinə balıq dərisi çəkilmiş alətdir. Sağanağın içərisinə dairə boyu xırda halqalar bərkidilir və onlar çalğı vaxtı səslənir. Muğam ifaçılığında geniş tətbiq olunur. Klassik muğam üçlüyü tar, kamança və qavaldan ibarətdir. Xanəndə qavalda çalaraq, ansamblda dəqiq ritmli musiqi epizdolarının ifasında iştirak edir. Buna görə də qaval aləti, bir növ, xanəndələrin atributuna çevrilmişdir
Kamanca Azərbaycan simli –kamanlı musiqi aləti. Ən qədim msiqi alətlərindən biridir. Nizaminin “Xosrov və Şirin” poemasında adı çəkilmiş, Təbriz miniatür rəsm əsərlərində (Ağamırək İsfahani, Mir Seyid Əli) təsvir olunmuşdur. Kamança, əsasən, qoz ağacından düzəldilir. Kürəşəkilli çanaqdan, dairəvi qol, “aşıq”lar yerləşən kəllə hissədən və “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsi ilə səsləndirilir. Kaman – uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 650-900 sm olur. Əvvəllər 1 – 3 simdən ibarət idi. Hazırda 4 simi var: kiçik oktavada lya, birinci oktavada mi, lya, ikinci oktavada mi köklənir. Diapazonu kiçik oktavanın lya – üçüncü oktavanın mi (bəzən sol) səsləri həcmindədir. Incə, həzin səsi var. Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası xüsusilə gözəl təsir bağışlayır. Kamançadan həm solo, həm də ansambl tərkibində musiqi aləti kimi istifadə olunur. Kamança əsas alətlərdən biri kimi sazandalar ansamblının, xalq çalğı ansamblları və orkestrlərinin tərkibinə daxildir. Kamança, tar və qaval alətləri ilə birlikdə muğam üçlüyünü əmələ gətirir. Instrumental muğamların kamançada solo ifası geniş yayılmışdır. Azərbaycanın məşhur kamança çalanları – Habil Əliyev, Şəfiqə Eyvazova və başqaları
Balaban nəfəslə çalınan qədim Azərbaycan musiqi aləti. Fındıq, tut, qoz yaxud ərik ağacından hazırlanlr. Silindrik gövdəsi (uzunluğu 280 – 320 mm) üzərində 9 dəlik (səkkizi ön, biri isə arxa tərəfdə) olur. Gövdəsinin baş tərəfində qamışdan iki qat dilçəkli yastı müştük taxılır.una görə də el arasında balabana - “yastı balaban” deyilir. Müştüyün ortasındakı xərək vasitəsi ilə alətin kökü dəyişdirilir. Balabanın diapazonu kişik oktavanın sol səsindən ikinci oktavanın do səsinə qədərdir. Yumşaq, təsirli həzin tembri var. Balabandan həm solo alət kimi istifadə olunur; həm də xalq çalğı alətlərinin ansamblların və orkestrlərində, aşıq ansambllarında müşayiət edici alət kimi o, əsasən, dəm saz (fon əmələ gətirən) alət olaraq xüsusi yer tutur. Muğam ansamblında da balaban aləti daxil olunaraq, səslənməyə xüsusi tembr boyaları aşılayır. Tanınmış balabançılardan Bəhruz Zeynalovun adını çəkmək olar
Qanun simli musiqi aləti. Yaxın və Orta Şərqdə geniş yayılmışdır. Azərbaycan şairləri Nizaminin, Fizulinin və başqalarının əsərlərində bu alət haqqında məlumat verilmişdir. Qanun üzərində naxışlı üç rezonator dəliyi olan düzbucaqlı trapesiya formalı yastı taxta qutudan ibarətdir. Qanunun üzünün aşağı hissəsinə çəkilmiş dərinin üzərində xarək yerləşir. Xərəyin üstündən 24 – 25 üçləşdirilmiş sim keçir. Qanunun simləri barmaqlara taxılmış oymağabənzər metal mizrablarla səsləndirilir. Diapazonu üç oktava yarımdır (böyük oktavanın sol səsindən ikinci oktavanın si bemol səsinə qədər). Qanunun incə, məlahətli səsi var. Azərbaycan xalq çalğı ansamblının və orkestrin tərkibinə daxildir.
Nağara zərbli musiqi aləti. Sağanağının hər iki tərəfinə dəri çəkilir. Nağara ağac nəfəsli alətlərin (zurna, balaban, tütək), həm də sazın çalğısını müşayiət edir. Nağaranı sol qoltuğun altında tutub çalırlar. Musiqi alətlərindən hansı birinin çalğısını müşayiət edəcəyindən asılı olaraq nağaranın əl ilə (barmaqlar), yoxsa ağac çubuqlarla çalınacağı müəyyən edilir. Əgər balaban (son zamanlar həm də klarnet), ya da aşıq sazının çalğısı müşayiət ediləcəksə, nağara da ovucun içi və barmaqlarla çalınacaqdır. Əgər zurna çalğısını (həm də açıq havada) müşayiət etmək lazım gəlirsə, o zaman dərilər üzərinə ağacla zərblər vurulur. Həcmindən (böyüklüyündən) asılı olaraq nağara müxtəlif növlərə ayrılır: koos (böyük nağara), bala nağara, ya da cürə nağara və kiçik nağara.
Qoşa – nağara Azərbaycanın zərb aləti. Üstünə keçi dərisi çəkilmiş və biri – birinə birləşdirilmiş müxtəlif ölcülü iki çanaqdan ibarətdir. Kiçik çanağın diametri 110 – 140 mm, böyük çanağın diametri 240 – 280 mm – dir. Əvvəllər qoşa – nağaranın gövdələri tuncdan düzəldilirdi və yumşaq səs almaq üçün kəndirlə biri – birinə möhkəm sıxılırdı, taxta çubuqlarla və ya toxmaqla çalınırdı. Müasir qoşa – nağaranın gövdəsi qoz, yaxud tut ağacından düzəldilir. Güclü və təmiz səs alınması üçün üzünün dərisi dolama, yaxud çarpaz iplərlə tarım çəkilir və oda verilir. Azərbaycan xalq çalğı alətləri ansamblının və orkestrin tərkibinə daxildir. Başqa adlarla bir sıra ölkələrdə də yayılmışdır.
Saz Çanağı iki yerə bölünmüş armudun bir hissəsi biçimində, qolu uzun olur. Qoluna 10 – 14 pərdə bağlanır. əsas pərdədən hərəsinin öz adı var: baş pardə, orta pərdə, şah pardə, yastı pərdə, ayaq pərdə, beçə pərdə. Saza 8 – 10 sim qoşulur. Bu simlərin köklənmə prinsipi çox maraqlı və orijinaldır. Köklənmə cəhətincə saz simlərini üç əsas qrupa ayırmaq olar. Bunlardan birinci qrupa aid olan üç sim eyni ucalıqda (unison) köklənir (birinci oktavanın re notu); ikinci qrupu təşkil edən qoşa sim birinci qrupdan bir kvinta aşağı köklənir (ikinci oktavanın sol notu) və nəhayət, üçünçü qrupa mənsub olan üç sim isə ikinci qrup simlərindən bir kvinta yuxarı köklənir (birinci oktavanın do notu). Sazın simlərini səsləndirmək üçün tar mizrabına nisbətən daha elastik və daha yumşaq bir cisim lazım gəlir ki, bunun üçün də gilənar (albalı) ağacının qabığı olduqca münasib və yararlıdır. Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan əsas metodik xətt üçün kvarta – kvarta səslərindən ibarət daimi surətdə səslənən harmonik fon yaratmış olur. Sazın tembri çox məlahətlidir. Sazın ürəklərə yol açan səsini hələ orta əsrlər klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir.
Ud Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi aləti. Ərəbistan, Türkiyə və qismən İran ölkələrində çox geniş intişar tapmışdır. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olmuşdur.Ud əsrlər boyu müxtəlif surətdə islah edilmiş və onun konstruksiyası tez-tez dəyişdirilərək təkmilləşdirilmişdir. Müasir ud 6 simli musiqi alətidir. Bunlardan 5 qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüş və yerləşdirilməsi çox qəribədir: orta melodik, yəni musiqinin əsl havasını (modulyasiyasını) çalan simlər, yanlarından isə (hər iki tərəfdən dəm saxlayan) bəm simlər (alikvot simlər) qoşulur.
Qopuz Azərbaycanın ən qədim simli alətlərindən biri. Vaxti ilə Türk dünyasının ozan – aşıq ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti.
Ney (fars: qarğı, qamış) – nəfəsli musiqi aləti; ağacdan, qamışdan ya da bürüncdən hazırlanır. Düz silindr şəklində, 60 – 70 sm uzunluğunda lülədən ibarətdir. Ucunda heç bir müştük, ya dilçək olmur. Yalnız lülənin aşağı tərəfində bir necə (3 – 6) dəlik açılır ki, bu da səslərin müxtəlif ucalıqda olduğunu təmin edir. Neyin səsi olduqca məlahətli, zərif və təsirlidir. Ney ən qədim Azərbaycan musiqi alətlərindən biridir. Onun xoş səsi Xəqani, Nizami, Füzuli və başqa şairlərimizin əsərlərində vəsf edilmişdir.
Zurna ( sur – böyük ziyafət, toy, düyün + nay) – Azərbaycanda qədimdən yayılmış nəfəslə çalınan musiqi aləti; əsasən qoz, yaxud ərik ağacından hazırlanır. Konusvari gövdəsinin ön tərəfində yeddi, arxa tərəfində bir dəlik var ki, bunlar lazımi vaxtda barmaqlarla örtülüb açılır. Əlavə olaraq zurnanın ağız tərəfində köklənməsi üçün daha bir dəlik açılır. Zurnanın müştüyü iki nazik, yonulmuş qarğı parçasından düzəldilir. Diapazonu kiçik oktavanın si bemol səsindən üçüncü oktavanın do səsinə qədərdir. Güclü və zil səsli alətdir. Qara zurna, cürə zurna, asəfi zurna, ərəbi zurna, əcəmi zurna, şəhabi zurna kimi bir çox müxtəlif növləri var. Azərbaycanda iki zurnaçı (usta və dəmkeş) və nağaraçıdan ibarət ansambl geniş yayılmışdır. XX əsrdə Ələfsər Şəkili muğamların zurnada məharətli ifaçısı kimi tanınmışdı.
Tütək nəfəsli musiqi aləti. Qarğı ya içi boş çubuqdan düzəldilir. Quş dimdiyi tərzində olan bir ucuna ağacdan yonulmuş tıxac nəsb olunur. Tütəyin qabaq (üst) tərəfində yeddi dəlik açılır ki, bunların qapanıb açılması ilə də səslərin ucalığı dəyişir. Bir dəlik də tütəyin dal (alt) tərəfində olur. Tütəyin səs düzümü diatonik, diapazonu isə bir oktava həcmindədir. Tütək əsas etibarı ilə çobanların daha çox çaldığı musiqi alətidir.
Tənbur üç simli dartımlı musiqi aləti. Zahiri görünüşü saz alətinə bənzəyir, lakin çanağı sazınkına nisbətən xeyli kiçik, qolu isə sazınkından bir qədər uzun olur. Tənburun birinci və üçüncü simi eyni yüksəklikdə (unison), ortancıl simi isə bir kvarta aşağı köklənir. Simləri sağ əlin şəhadət barmağına taxılan polad halqa üzərindəki qarmaqla dartılıb ehtizaz etdirilir – səsləndirilir. Tənburun bu mizrabı, “naxunək” adlandırılır. Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş yayılmışdır. Azərbaycanda Şirvan tənburu istifadə olunur.
Rübab;(rebab) – simli dartımlı musiqi aləti. Vaxtilə bütün Yaxın Şərq xalqlarının musiqi məişətində geniş istifadə olunmuşdur. Hazırda başlıca olaraq, Orta Asiya xalqlarının musiqisində çox istifadə olunur. Rübabın bir çox növləri var. Hər növ intişar tapdığı mahalın adı ilə adlanır; məsələn, tacik rübabı, qaşqar rübabı, əfqan rübabı və s. Bəzən tamamilə eyni növdə və eyni konstruksiyada olan rübab müxtəlif cür adlandırılır. Rübabın, əsas olaraq, üç simi var, lakin rezonans vermək üçün çox zaman əlavə bir necə sim də qoşulur. Rübab simləri qaramal buynuzundan hazırlanan kiçik mizrabla səsləndirilir.
Bərbət ;(hərfi mənada: bər – sinə, döş + bət – ördək) - ən qədim Azərbaycan simli musiqi aləti. XVI – XVII əsrlərdə Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən, Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat öz əksini tapmışdır.
Çəqanə kamanla çalınan 4 simli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. Müasir dövrdə bərpa olunaraq, qədim musiqi alətləri ansamblında istifadə olunur
Çəng üçbucaq şəklində simli, dartımlı musiqi aləti. Üst qolu at boyu tərzində hazırlanır və baş (yuxarı) tərəfində gözəllik üçün iri ipək qopaz sallanır. Çəngə 24 sim qoşulmuş və bu simlər qoşa bağlandığından alətdən 12 müxtəlif səs (bir oktava daxilində bütün xromatik qamma səslərini) əldə etmək mümkün olmuşdur. Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Çəng böyük Azırbaycan şairləri Nizami və Füzulinin əsərlərində vəsf edilmişdir.
Santur simli - zərbli musiqi aləti. Qədim Azərbaycan musiqi alətlərindən biri. Zahiri görünüşü bir qədər qanun musiqi alətini xatırladır. Konstruksiyası etibarı ilə də qanun ilə ümumi cəhətləri var. Santurun da qanunda olduğu kimi, bir tərəfdən xərəyi bükülüb açılır və beləliklə, üzərində duran simin uzunluğu dəyişilmiş olur; santurun ayrı – ayrı səs ucalığında olan simləri tək, qoşa, ya da içəri qoşulur. Santur iki yüngül, zərif yonulmuş kiçik çubuğun simlərə vurulması ilə səsləndirilir.
Çoğur Tarixi qaynaqlara əsasən, XII – XVII yüzilliklərdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş – aşıq məclislərində bu musiqi alətindən istifadə edilmişdir.