2005-ci ilin avqust ayının 8-də cənab Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koiçiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.
2008-ci ilin dekabrın 27-də Bakıda Dənizkənarı Milli Parkda Azərbaycan Respublikası Prezidentinin və birinci xanımın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.
Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıqlar İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz
Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində xalq arasında çox sevilən görkəmli muğam ustadlarının büstləri qoyulmuşdur. Muzeyi xalqımızın ən çox sevdiyi muğam ustadlarından Əbdülbaqi Zülalovun (Bülbülcan),Cabbar Qaryağdı oğlunun,Seyid Şuşinskinin, Məcid Behbudovun,Keçəçioglu Məhəmmədin,Ələsgər Abdullayevin(Şəkili Ələsgər),Qasım Abdullayevin(Zabul Qasım),Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin(Segah İslam),Hüseynqulu Sarabskinin, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Zülfü Adıgözəlovun, Həqiqət Rzayevanın, Əlövsət Sadıqovun, Hacıbaba Hüseynovun, Əbülfət Əliyevin, Yaqub Məmmədovun, Rübabə Muradovanın, tarzənlərdən isə Mirzə Sadıqın(Sadıqcan), Mirzə Fərəcin, Məşədi Cəmilin, Mirzə Mansurun, Qurban Pirimovun, Hacı Məmmədovun, Əhməd Bakıxanovun, Bəhram Mansurovun,Əhsən Dadaşovun, Həbib Bayramovun büstləri bəzəyir.
Tədbirlər və konsertlər
Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi altında 2009-cu, 2011-ci, 2013-cü, 2015-ci illərdə “Muğam Aləmi” Beynəlxalq Muğam Festivalları keçirilmişdir. Onların çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan ölkələrinin nümayəndələri iştirak etmişlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Muğam Televiziya Müsabiqəsinin seçim turları və “Muğam Televiziya Müsabiqəsi-2011”, “Muğam Televiziya Müsabiqəsi-2013”, “Muğam Televiziya Müsabiqəsi-2015” və “Muğam Televiziya Müsabiqəsi-2017”də Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Beynəlxalq Muğam Mərkəzində görkəmli sənət ustalarının xatirə gecələri, yubileyləri və yaradıcılıq axşamları da keçirilir: Xan Şuşinskinin 110 illik yubileyi, Cabbar Qaryağdı oğlunun 150 illik yubileyi, Qurban Pirimovun 130 illik yubileyi, Yaqub Məmmədovun 80 illik yubileyi , Bəhram Mənsurovun 100 illik yubileyi, Hacı Məmmədovun 90 illik yubileyi , Mənsum İbrahimovun 50 illik yubileyi, Zamiq Əliyevin 60 illik yubileyi, Fəxrəddin Dadaşovun 60 illik yubileyi, Sadıq Zərbəliyevin 60 yubileyi, Əhmədxan Bakıxanovun 120 illik yubileyi, Sara Qədimovanın 90 illik yubileyi, Səxavət Məmmədovun 60 illik yubileyi, Qədir Rüstəmovun 80 illik yubileyi, Bülbülcanın 175 və Sadıqcanın 165 illik yubileyi də mərkəzdə qeyd olunmuşdur.
“Üzeyir Hacıbəyli -125” Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.
Hər il Beynəlxalq Muğam Mərkəzində Bakı Caz Festivalı çərçivəsində konsertlər keçirilir.
Həmçinin, Beynəlxalq Muğam Mərkəzinə bir sıra yüksək rəsmi qonaqların, dövlət başçılarının və onların xanımlarının vizitləri baş tutmuşdur. Bunlardan UNESCO- nun Baş Katibi İrina Bokova, Monteneqronun Prezidenti Filipp Vuyanoviç,Birləşmiş Krallığın Şahzadəsi Endrü, Polşanın birinci xanımı Mariya Kaçinskaya, Latviyanın birinci xanımı Lilita Zatlere, Avstriyanın birinci xanımı Margit Fişer, Çexiyanın birinci xanımı Liviya Klausovanı, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Vyetnamın birinci xanımı May Txi Xan adlarını çəkmək olar.
Bundan başqa, Beynəlxalq Muğam Mərkəzində İran, Fransa, Türkiyə, Polşa, Belçika Krallığı, Amerika Birləşmiş Ştatları, Koreya, Norveç, Almaniya, Litva, Isveçrə, İtaliya səfirliklərin tədbirləri keçirilmişdir.
Gələcəkdə Beynəlxalq Muğam Mərkəzində çoxlu maraqlı layihələr keçiriləcək.
Heydər Əliyev Fondunun layihələri
Azərbaycanın muğam sənəti (2003), aşıq sənəti (2009), tar ifaçılıq sənəti (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Heydər Əliyev Fondunun yaratdığı muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan “Muğam İrs”, “Muğam dəstgah”, “Muğam Ensiklopediyası”, “Muğam - İnternet”, “Muğam - Antologiya”, “Muğam dünyası”, “Muğam müsabiqələri”, “Beynəlxalq Muğam Mərkəzi”, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı layihələri bu gün uğurla həyata keçirilməkdədir. Bu layihələrinin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır, onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir.